Monday, December 16, 2013

Mirzə Ələkbər Sabir

Posted By: GM_MONSTER - 12:31 AM

Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il 30 may-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə din xadimi kimi görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu.
Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Onu sıxan yalnız mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi. Evdə ata və anası mənasını və mahiyyətini başa salmadan səkkiz yaşlı oğullarını oruc tutmağa, namaz qılmağa məcbur edirdilər. Sabirin uşaq vaxtı yazdığı üç misralıq ilk şerində bu acı həqiqət çox təsirli ifadə olunur:
Tutdum orucu irəmazanda,
Qaldı iki gözüm qazanda,
Mollam da döyür yazı yazanda.
Sabir 12 yaşına qədər dini düzgün anlamayan və təbliğ etməyən mövhumatçıların yanında oxumuş, sonra məşhur şair Seyid Əziminaçdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Müəllimi Ələkbərə fars dilindən şerlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı.
Seyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər, orijinal şerlərini də oxuyub redaktə edirmiş. Lakin bir-iki il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına göre, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şer dəftərini də cırıbmış.
Atasının bu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliədən və şer yazmaqdan çəkindirə bilmir. Əksinə, bu münasibətlə yazdığı bir qitəsində o, şer dəftərinin atası tərəfindən cırılmasına cavab olaraq şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyini qeyd edir.
Doğrudan da, Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün 1885-ci idə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir.O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayırsa, o biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.
İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini olduqca çətinləşdirmşdi. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. Buna baxmayaraq o, yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olurdu.
1902-ci ildə baş vermiş dəhşətli zəlzələ Şamaxını tar-mar etmişdi. Yanğın nəticəsində şəhərdə yüzlərcə imarət yanıb külə dönmüş, əhalinin çox qismi evsiz-eşiksiz, quru yerdə qalmışdı. Bu zaman Sabirin evi də dağılmışdı. Şair tək başına böyük bir çətinliklə ailəsi üçün müvəqqəti bir daxma düzəltmişdi.
Sabir Bakı quberniyası Sünni məclisinin sədri, Bakı Quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş İmamı olmuş Hacı Məcid Əfəndi Əfəndizadə ilə səmimi dostluq münasibətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlirdi.
Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə başçısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq və tərəqqisini də təmin etməyə çalışmışdır. O, arvadını və qızını savadlı görmək istəyir, onlara əlifba öyrədirmiş. Şairin qızı Səriyyə sonralar yazırdı ki, həyatının olduqca ağır, sıxıntılı keçməsinə baxmayaraq, atam xoş üzlü,zarafatçıl, səmimi idi.
XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailə qayğısı çəkən Sabir şerdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin bu zaman onu mənəvi cəhətdən böyük köməyi dəymişdi. Onlar boş vaxtlarında Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şerlərini oxuyub təhlil və müzakirə edirdilər.
XX əsrin əvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat səhifələrində görünür. 1903-cü ildə "Şərqi-Rus" qəzetində onun şeri çap olunur. Bir qədər sonra isə o,"Həyat" qəzetində şer çap etdirir. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu.
Bu zamandan C.Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar əməkçi xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr vururdu. Bütün bunların nəticəsi olaraq Sabir özünə çoxlu dost qazandığı kimi, düşmən də qazanmışdı. Şerlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən cahil "din xadimləri" Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.
Lirik şe`rləri. Sabir bədii yaradıcılığa kiçik yaşlarında, Seyid Əzim Şirvaninin məktəbində oxuduğu zaman başlamış, ilk şe`rlərini Şərqin Firdövsi, Sə`di, Füzuli kimi böyük klassiklərinin tə`siri ilə yazmışdır. Bu əsərlər lirik üslubda və əsasən qəzəl janrındadır. Başqa Azərbaycan sənətkarları kimi, Sabirin də qəzəllərinin ana xətti, leytmotivi məhəbbət duyğularının təsvir və tərənnümüdür. Sabirin lirik qəhrəmanı Aşıqdır. O, sevgilisi haqqında orta əsr poeziyasından tanıdığımız aşıqlərin dili ilə danışaraq öz dərdlərini, həsrətini nağıl edir, ayrılıqdan, hicrandan, sevgilinin rəqibə uymasından şikayətlənir.
Bu qəzəllərin məzmunu kimi, bədii təsvir və ifadə vasitələri də orta əsr şe`rində çox işlənən, hətta bir qismi sabitləşmiş söz və ifadələrdən ibarət idi. Aşiq çox vaxt özünü Məcnunla, sevgilisini isə Leyli ilə müqasiyə edirdi. Pərvanə, şəm kimi obrazlardan, Adəm, Zöhhak, Əhrimən, Kə`bə, Babil kimi dini, əfsanəvi, coğrafi adlardan tez-tez istifadə olunurdu.
Şairin yetkin vaxtında, XIX əsrin axırı, XX əsrin əvvəlində yazdığı lirik şe`rlərinin bir qismi ictimai mövzudadır. Məhəbbət və gözəllik dünyasında yaşayan Aşiqdən fərqli olaraq, buradakı lirik qəhrəman mübarizə meydanında çarpışan müdrik və atəşin bir vətəndaşdır. Onun arzusu “dilbəri-hürriyyətə” çatmaqdır. Mövcud cəmiyyətin ziddiyyətlərini dərindən başa düşən bu qəhrəman üçün həyat zindandır:
Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dayana bilmirəm.
Neyləməli, göz görür, ağlım kəsir,
Mən günəşi göydə dana bilmirəm.
Derlər usan, hərzəvü hədyan demə,
Güc gətirir dərd, usana bilmirəm!
Şairə görə insanları dərdə salan dünyada insan ya avam olmalı, şüursuz, idraksız, duyğusuz bir ömür keçirməli, ya da mübarizə aparmalı, həqiqi həyata çatmalıdır. Sabirin lirik qəhrəmanı min bir əzab və əziyyətə düşsə də, şüurlu, düşüncəli bir həyat, işgüzar, mübariz bir həyat keçirməyi üstün tutur. Şüur, düşüncə, duyğu isə onun nəzərində həyat, zadalıq, xoşbəxtlik uğrunda mübarizə üçün əsas amillərdəndir. Sabir “Ruhum” şe`rində özünün azadlıq idealını, ictimai amalını müstəqim tərənnüm yolu ilə verir. O, özünün gələcək xoşbəxtliyini azadlıqda görərək yazır:
Mən gedərəm, var olsun amalım!
Yaşasın şəhriyari-hürriyyət!
Yaşasın şəhriyari-hüriyyət!
Mən gedərəm, var olsun amalım!
Bu azadlıq idealı sabir dünyagörüşündəki qüvvətli humanizmlə, insanın yer üzündə azad, fərəhli, yaradıcı bir həyat qurması haqqında arzularla əlaqədar olmuşdur. Şairin bə`zən, hətta azadlıq və insanlıq məfhumlarını açıqcasına eyniləşdirməsi buradan irəli gəlir:
Kim ki, insanı sevər, aşiqi-hüriyyət olur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur.

Ancaq azadlıq olan yerdə həqiqi insanlıqdan söhbət gedə bilər, ancaq azadlıq olan yerdə insan öz yüksək və şərəfli adına layiq həyat qura bilər, insan şəxsiyyəti qol-qanad açıb, hərtərəfli inkişaf edər. Bu, Sabirin böyük ictimai idealı idi.

Humanizm, azadlıq, xoşbəxtlik haqqında belə ümumiləşdirici lirika ilə bərabər, Sabirdə zəmanəsinin azadlıqsevən, xoşbəxtlik uğrunda əldə silah vuruşan konkret qəhrəmanlarının təsviri də var.
Bu cür əsərlərdən biri Sabir lirikasının gözəl nümunələrindən olub, 1908-ci ildə “Molla Nəsrəddin” jurnalında çap olunan “Səttarxana” şe`ridir.
Səttarxan kimdir?
O, Qarabağ mahalından çıxan, gəncliyində bir müddət əsgər olub, sonralar yoxsul kəndlilərin partizan dəstələrinə başçılıq edən məşhur qəhrəmandır. Səttarxan inqilabın ilk günlərindən Təbriz əncüməninin üzvü olmuş, hərəkatda coşqun bir ruhla iştirak etmişdi. 1906-1907-ci illərdə artıq o, Təbriz inqilabçılarının rəhbəri idi.

İnqilabçılar 1908-ci ildə şah qoşunlarını darmadağın edib, Təbrizdən qovduqdan və xeyli hərbi qənimət ələ keçirdikdən sonra Səttarxanın nüfuzu daha da artdı. Onun igidliyi haqqında el mahnıları, yazıçıların və xalq şairlərinin əsərləri yarandı. Sabirin şe`ri də məhz bu zaman yaranmışdır.

Sabir şe`ri öz halı, öz hiss və həyəcanları haqqında coşqun sözlərlə başlayır. O, oxucusundan xahiş edir ki, mənim bu həyəcanlarım, mənim coşqunluğum sənə təəccüblü gəlməsin; məni “divanə” bilmə! Mən təbi dəniz kimi dalğalanan bir şairəm. Sevincimin, həyəcanlarımın səbəbi isə azadlığa olan sonsuz məhəbbətimin coşması, zülm və istibdada qarşı çıxmış qəhrəmanların mərdliyinə şahid olmağımdır.

Şeirdə Tehranda Məclisin qovulmasından sonra Cənubi Azərbaycanda, yeni inqilab mərkəzi Təbrizdə əmələ gəlmiş coşqun ruh yüksəkliyi tərənnüm edilir. Bütün bəndlərin sonunda “Afərinim” himməti-valayi-Səttarxanədir” sözləri bir nəqarat halında təkrar edilərək, şe`rin mərkəzi motivini xüsusi nəzərə çatdırır. Sabir yazır ki, Səttarxan “vətən namusu” yolunda göstərdiyi rəşadətlə təkcə İran şahını və ə`yanlarını yox, bütün dünyanı “mat edən” bir qəhrəmandır.
Əsər inqilabçıların şərəfinə deyilən alqış nidaları ilə qurtarır:
Afərin, təbriziyan, etdiz əcəb əhdə vəfa!

Dustü düşmən əl çalıb, eylər sizə səd mərhəba!

Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa!

Cənnəti-ə`ladə peyğəmbər sizə eylər dua.

Çün bu xidmətlər bütün islamədir, insanədir,

Afərinim himməti-valayi-Səttarxanədir.
Sabirin təsvirində Səttarxan inqilabçı qəhrəman timsalı, dərin məhəbbətlə təqdim edilən müsbət surətdir. Şair bu surəti lirika dili ilə, sevinc və hərarətlə təsvir edir, onu özü sevdiyi qədər oxucuya da sevdirməyə çalışır.


Şe`r əruzun təntənəli bəhrlərindən olan rəməl bəhrində failAtün, failAtün, failAtün, FailAt ölçüsündə yazılmışdır. Əruz vəzninin tələbinə uyğun olaraq misralarda “Hali-məczubum”, “nə`rəyi-şuridə”, “şe`ri-tər”, “behcət”, “şürur” kimi onlarla ərəb-fars söz və ifadələri işlənmişdir. Ancaq bu ifadələr, şe`rin dilini qismən qəlizləşdirirsə də, ümumi mə`nanın, bədii ideyanın başa düşülməsinə mane olmur. “Səttarxana” şe`ri “Molla Nəsrəddin” jurnalı vasitəsilə dərin məhəbbətlə qarşılanıb geniş yayılmış, əldən-ələ, dildən-dilə keçmişdir. Cənubi Azərbaycanda mücahidlər bu şe`ri nəğmə kimi xorla döyüş səngərlərində oxuyurdular. Sonralar şe`r kütləvi xalq mahnısına çevrilmiş və uzun müddət Təbriz, Xoşginab, Zəncan, Qaracadağ mahallarında sevilə-sevilə oxunmuşdur.

About GM_MONSTER

Madeeha Theme is officially developed by Templatezy Team. We published High quality Blogger Templates with Awesome Design for blogspot lovers.The very first Blogger Templates Company where you will find Responsive Design Templates.

0 comments:

Post a Comment

Ads

Copyright © 2015

Distributed By Ədəbiyyatımız | Designed By Ədəbiyyatımız